Zaqatala rayonunda “İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda dəyirmi masa təşkil olunub
Aprelin 20-də Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşəbbüsü ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda dəyirmi masa təşkil olunub.
Müəllim və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan filialın direktoru Orucəli Rzayev Azərbaycanda tarixən mövcud olan milli və dini həmrəylik barədə fikirlərini bölüşüb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin din siyasətindən, vətənpərvərlik və həmrəyliyin, o cümlədən İslam həmrəyliyinin vacibliyindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov dinin müasir dünyadakı yeri, dinin təsir etdiyi və ya dinə təsir edən amillər barədə məlumat verərək dünyada cərəyan edən proseslər fonunda İslam həmrəyliyi çağırışlarının nə qədər mühüm olduğunu iştirakçıların nəzərinə çatdırıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.


.jpg)