Xaçmazda “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xaçmaz rayonu “Qobuqırağı” kənd məscidində “Azərbaycanda İslam həmrəyliyinin tarixi izləri” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov, Xaçmaz rayonu Qobuqırağı kənd məscidinin imamı Elvin İdayətov və dindarlar iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə mövcud olan İslam həmrəyliyi dərin köklərə əsaslanır. Dövlət-din münasibətləri, Azərbaycanda mövcud olan multikultural mühit, ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələr haqqında məlumat verən Samid Seyidov qeyd edib ki, Azərbaycanda bütün xalqlar və etnoslar, o cümlədən bütün dini konfessiyaların nümayəndələri rahat, sabitlik, qarşılıqlı anlaşma şəraitində yaşayır, öz milli-mənəvi dəyərlərini yaşadırlar.
“Qobuqırağı” kənd məscidinin imamı Elvin İdayətov bildirib ki, bu gün Azərbaycan İslam ölkələri arasında böyük nüfuza malik olmaqla mühüm rol oynayır. Ölkəmizdə olan İslam həmrəyliyi bütün İslam dünyasına bir nümunədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.