Tovuzda “İslam həmrəyliyi və onun verdiyi töhfələr" mövzusunda tədbir keçirilib
Mayın 30-da Tovuz Sosial İqtisad Kollecində "İslam həmrəyliyi və onun verdiyi töhfələr" mövzusunda tədbir keçirilib.
Kollecin direktoru Rizvan Qəmbərov tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu dünyaya sülh və həmrəylik mesajıdır. Natiq onu da qeyd edib ki, ölkəmiz İslam dünyasında böyük nüfuza malikdir.
Tovuz məscidi dini icmasının sədri Nəriman İbayev dövlətimizin dindarlara qayğısından söhbət açıb. O vurğulayıb ki, Azərbaycanda hazırda iki mindən artıq məscid fəaliyyət göstərir. İcma sədrinin sözlərinə görə, respublikamızda dindarlar öz dini rituallarını sərbəst şəkildə yerinə yetirirlər.
Tədbirdə həmçinin,Tovuz rayon prokurorunun müavini Anar Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tovuz rayon şöbəsinin rəis müavini Eldəniz İsayev mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.