Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2017 / İslam Həmrəyliyi İli

Tovuzda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində "İslam Həmrəyliyi İli" çərçivəsində regional konfrans keçirilib.
“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransı Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov açaraq gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. Bildirib ki, radikal dini təriqətlərin yayılmasına yol verməmək üçün gənclər elmə, təhsilə ciddi fikir verməli, geniş məlumatlı olmalıdırlar.
Tovuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzər Rüstəmov rayondakı sabit dini durumdan, dinə dövlət qayğısının və bölgələrdə həyata keçirilən maarifləndirmə  tədbirlərinin önəmindən danışıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, regionlarda keçirilən bu konfransların məqsədi dini radikalizmlə ideoloji müstəvidə mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin gücləndirilməsi, eləcə də müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi sahəsində həyata keçirilən kompleks tədbirlərin effektinin daha da artırılmasıdır.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən danışan Gündüz İsmayılov İslamı sülh, sabitlik və həmrəylik dini kimi səciyyələndirərək onun fəlsəfəsində insan humanizmi kimi vacib ideyanın yer aldığını vurğulayıb. Komitə sədrinin müavini bildirib ki, İslam həmrəyliyi geosiyasi dünyada gərginliklərin, münaqişə ocaqlarının artdığı dövrdə insanları nəcib, xeyirxah və işıqlı əməllərə çağıran təşəbbüsdür. G.İsmayılov İslam həmrəyliyinin terrorizmə, irqçiliyə, zorakılığa qarşı olduğunu, elmli, təhsilli və əxlaqlı cəmiyyət modelini dəstəklədiyini diqqətə çatdırıb.  Sədr müavini İslam birliyinə nail olmaq, bu istiqamətdə uğur əldə etmək üçün ölkəmizdə yüksək səviyyədə təşkil olunan IV İslam Həmrəylik Oyunlarının kifayət qədər əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda kollecin müəllim-tələbə heyətinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, təklif və mülahizələri dinlənilib.