Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2017 / İslam Həmrəyliyi İli

Qubada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması bütün dünyaya  nümunədir. Rayondakı dini durum barədə ümumi məlumat verən natiq qeyd edib ki, Quba rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. S.Salahlı ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Səyyad Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları haqqında danışaraq Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat verib. Sədr müavini, eyni zamanda dini icmaların, din xadimlərinin, gənclərin və ziyalıların dini radikalizmlə mübarizədə, İslam həmrəyliyinin təbliğində fəal olmalarının vacibliyindən söz açıb. 
Quba rayon prokuroru Valeh Səmədov çıxışında dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edərək, qanunvericilikdə dini sahə ilə bağlı mövcud olan məqamlar  haqqında açıqlamalar verib. O, qeydiyyatdan keçməyən və gizli yollarla yayılan, milli-mənəvi dəyərlərə zidd dini ədəbiyyatların yayılmasından danışaraq qeyd edib ki, bu qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə səbəb olur.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttərov dövlətin dinə və dindarlara qayğısından bəhs edərək, dindarları yüksək milli-mənəvi dəyərlərimizi, həmrəyliyi təbliğ etməyə çağırıb.
Seminar-müşavirənin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.