Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2017 / İslam Həmrəyliyi İli

Nardaranda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik Evinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik Evinin əməkdaşları, Nardaran sakinləri, ziyalılar iştirak ediblər.
Tədbirin keçirildiyi 130 saylı Nardaran tam orta məktəbinin direktoru Ağasəyid Cəbrayılov qonaqları salamlayaraq “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu deyib.
Nardaranın tarixini və bu gününü əks etdirən slaydın nümayişindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. İ.Vəliyev Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkib. Natiq təmsil etdiyi qurumun “İslam Həmrəyliyi İli” ilə bağlı İslam dəyərlərinin təbliğinə, islamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını deyib. Ölkə başçısının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbənin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamları xatırladan İ.Vəliyev yerli əhalinin də dövlətin bu diqqət və qayğısını yüksək dəyərləndirdiyini bildirib.
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “İslam dini və həmrəylik” mövzusunda məruzə ilə çıxış edib. Nahid Məmmədov məruzəsində İslamın humanist dəyərlərindən danışaraq müasir dünyada din adı altında törədilən vandalizmin islami dəyərlərlə ziddiyyət təşkil etdiyini qeyd edib.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev Komitənin nəşri olan "Nardaran və nardaranlılar” adlı kitab haqqında geniş məlumat verib. Nəşrin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verdiyini bildirib.
Sonda iştirakçılar Nardaran Pirini ziyarət edərək yerli ağsaqqallarla görüşüblər və Bilik Fondunun nümayəndələri Nardaran məscidinə müxtəlif kitablar hədiyyə ediblər.