Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017 / İslam Həmrəyliyi İli

Masallıda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

İyulun 11-də Masallı şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir. Natiq daha sonra vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunlarının bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edib. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır.
Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli çıxışında qeyd edib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerantlıq ənənələrinin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi təqdirəlayiq haldır. O bildirib ki, İslam həmrəyliyi birlik və bərabərliyimizin ən yüksək səviyyədə tərənnümüdür. Ölkəmizdə İslam həmrəyliyinin qorunması həm də milli təhlükəsizliyimizə böyük töhfədir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı rayon Ağsaqqalar Şurasının sədri Ələsgər Niftiyev, Masallı Ziyalıları İctimai Bİrliyinin sədri Qardaş Fəttayev və başqaları çıxışlarında xalqımızın milli-mənəvi dəyərlərinin və dövlətçilik prinsiplərinin təbliğini gənc nəslin zərərli vərdişlərdən qorunmasında mühüm amil kimi dəyərləndiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.