Masallıda “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icması Ərkivan qəsəbə Zahir Nəcəfov adına 2 saylı tam orta məktəbdə “Radikalizm və ekstermizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov, Ərkivan qəsəbə Zahir Nəcəfov adına 2 saylı tam orta məktəbinin direktoru Əbülfəz Əsədov, Ərkivan qəsəbə ”Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov, ziyalılar, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfəz Əsədov dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmdən danışaraq bu sahədə gənclərimiz arasında vətənpərvərlik ruhunun aşılanmasında təhsil ocaqlarının və müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov çıxışında “İslam Həmrəyliyi İli” mövzusuna toxunaraq, ölkə rəhbərinin ümumən islami dəyərlərə verdiyi önəmi xüsusi vurğulayıb, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
Ərkivan qəsəbə “Həzrət Əli” məscidi dini icmasının sədri Yasər Cahangirov, məktəbin müəllimləri Ağa Həsənli, Bəhruz Səmədov və RTŞ-nin metodisti Əyyar Bürhanov çıxışlarında müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda tərbiyəsindən, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəmdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.