Masallıda “İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşıdır” layihəsi uğurla icra olunur
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Köhnə Alvadı kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşıdır” adlı layihə çərçivəsində “Dinimiz radikalizm və ekstremizmə “yox” deyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, icma sədri Mirtağı Cəfərov, kəndin ağsaqqallar şurasının sədri Əli Əlişov, kənd bələdiyyəsinin sədri Vaqif Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında dini radikalizm və ekstremizmin fəsadlarından danışıb. Qeyd edib ki, dini fundamentalizm və radikalizmin yaranması dini-ideoloji əsaslarla, eləcə də ictimai-iqtisadi, siyasi faktorlarla bağlıdır. Daha sonra natiq radikalizm və ekstremizmə qarşı mübarizə yollarından danışıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov çıxışında qeyd edib ki, dində ifrata varmaq, yəni radikallıq yoxdur. R.Nəzərov bildirib ki, dini radikalizm hər hansı dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək, digər etiqadın ardıcıllarına qarşı dözümsüz münasibət göstərən sosial-dini fenomendir.
Dini icmanın sədri Mirtağı Cəfərov və başqaları çıxışlarında radikalizm və ekstremizmin bəlalarından söhbət açıb, müasir gəncləri radikal qüvvələrdən uzaq olmağa səsləyiblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən nəşr olunan dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.