Lənkəranda “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir təşkil olunub
İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni, “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam dininin insanları sülh və birliyə çağırdığını qeyd edərək ölkəmizin dövlət-din münasibətlərinin və İslam həmrəyliyinin Azərbaycan modelini yaratdığını, bununla bütün dünyaya həmrəylik mesajları verdiyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni İslam dininin terror dini deyil, sülh, tolerantlıq, xeyirxahlıq və mərhəmət dini olduğunu bildirib. O, cənab Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə tarixi missiya həyata keçirən ölkəmizin bununla İslam ölkələrini həmrəyliyə çağırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səlim Qəni vurğulayıb ki, Azərbaycanda başqa dinlərin nümayəndələrinə qarşı tolerant münasibət və müsəlmanlar arasında həmrəylik mövcuddur. Artıq uzun müddətdir ki, Heydər məscidində vəhdət namazı qılınır. Vurğulanıb ki, İslam həmrəyliyi təşəbbüsü digər müsəlman ölkələri üçün də bir nümunə olacaq, həmin ölkələrin problemlərinin həllinə, münasibətlərin genişlənməsinə və insanların bir-birinə daha da yaxınlaşmasına öz töhfəsini verəcək, bütün İslam coğrafiyasında sülhün, tərəqqinin bərqərar olmasına səbəb olacaqdır.
İcma sədri Abuzər Xankişiyev və başqaları çıxışlarında ölkəmizin İslam həmrəyliyinin təmin olunması üçün mühüm xidmətlər göstərdiyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.