Lənkəranda “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” mövzusunda tədbir keçirilib
İyunun 20-də Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Lənkəran rayonu Osakücə kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” mövzusundakı layihə çərçivəsində Osakücə kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, LDU-nun baş müəllimi Kamal Mahmudov, Osakücə kənd icra nümayəndəsi Ramin Dövlətov, Osakücə kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, dindarlar, ağsaqqallar, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq, İslam dininin tərəqqipərvər din olduğunu, bütün bəşəriyyəti sülhə, həmrəyliyə çağırdığını qeyd edib. Q.Məmmədov 2017-ci ilin cənab Prezident tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasını İslam ölkələrinin həmrəyliyi baxımından mühüm əhəmiyyəti olduğunu bildirib.
LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov ölkəmizdə tarixən tolerant, multikultural münasibətlərin, birlik, vəhdət və həmrəylik mühitinin mövcud olduğunu bildirərək cənab Prezidentin İslam həmrəyliyi təşəbbüsünün önəmini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva və digərləri çıxışlarında İslam dininin sülh, birlik və bərabərlik dini olduğunu qeyd edərək yerlərdə həyata keçirilən dini maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iftar süfrəsi açılıb.