Lənkəranda “Heydər Əliyev irsi və islam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
İyulun 12-də Lənkəran rayonu Osakücə kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” adlı layihə çərçivəsində Lənkəran rayonu Tatoba kənd sənətkarlıq klubunda “Heydər Əliyev irsi və islam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Dövlətov, kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov çıxışında İslam dininin sülh, qardaşlıq və həmrəylik dini olduğunu bildirib. V.Şahbazov Azərbaycanda yaşayan bütün xalqların milli-mənəvi və dini dəyərlərinə ehtiramla yanaşıldığını, ölkəmizdə multikulturalizm, tolerantlıq və həmrəylik mühitinin mövcud olduğunu vurğulayıb.
Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov “Dövlət-din münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasında, İslam həmrəyliyinin gücləndirilməsindəki mühüm xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tatoba kənd tam orta məktəbinin müəllimi Fövqiyə Mirzəyeva, Tatoba kənd sənətkarlıq klubunun dərnək rəhbəri Elton Cəfərov və başqaları çıxışlarında mövzunun əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən keçirilib.