Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2017 / İslam Həmrəyliyi İli

Lənkəranda “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir baş tutub

Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasən maliyyə yardımı almış Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində iyulun 13-də “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Emin Həmidli, Şağlaküçə kənd bələdiyyəsinin sədri Təvəkkül Məlikov, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, dindarlar, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı çıxışında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. O, İslam dininin doğru əsaslarla təbliğ və təqdim olunmasının vacibliyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi yuxarıda sadalanan məqsədlərə çatmaq üçün mühüm vasitədir.
Şağlaküçə kənd bələdiyyəsinin sədri Təvəkkül Məlikov ölkəmizdə hökm sürən tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın bizim həyat tərzimizi təşkil etdiyini vurğulayıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İsabala Fərəcov, Bəlləbur kənd tam orta məktəbinin direktoru Elçin Səfərov, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov çıxışlarında İslam həmrəyliyinin müasir dövrün çağırışı kimi sülh və birliyə mühüm töhfə olduğunu qeyd ediblər.
Natiqlər çıxışlarında  Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması, onun Azərbaycan tarixində oynadığı rol,  xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.