Kürdəmirdə “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusu müzakirə edilib
Avqustun 4-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında “İslam həmrəyliyi – bəşəriyyəti sülhə aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis şöbəsinin əməkdaşı Vüsal Hüseynov, DTX-nın Kürdəmir rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Musayev və səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliliyi İli” elan edilməsi İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiyanın göstəricisidir. O bildirib ki, İslam həmrəyliyi yalnız dini sahədə deyil, eyni zamanda, müsəlman ölkələrinin sosial-iqtisadi, siyasi, mədəniyyət sahələrində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir və onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavabdır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında qeyd edib ki, bu gün dünyada İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic, əslində, İslamın daxilindəki parçalanmadan, maarifçilikdən uzaq düşməsindən qaynaqlanır. Əzim Rəfiyev çoxkonfessiyalı ölkə kimi Azərbaycanın dünyada dinlər və mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə layiqli töhfələr verə biləcəyini vurğulayıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon İdarəsinin əməkdaşı Seymur Müslümov və rayon Polis şöbəsinin əməkdaşı Vüsal Hüseynov da mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.