Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda layihə uğurla icra olunur

İyunun 5-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihəsi maliyyələşdirilmiş Lerik rayonu Lüləkəran  kənd məscidi dini icması tərəfindən növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Lüləkəran tam orta məktəbin direktoru Şakir Babayev, Blaband kənd bələdiyyəsinin sədri Telman Ağayev, dini icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa,  əməkdaşlığa önəm verdiyini bildirib, “İslam Həmrəyliyi İli” çərçivəsində radikalizm və ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Çıxış edən digər natiqlər 2017-ci ilin “ İslam Həmrəyliyi İli ”elan edilməsi barədə fikirlərini bölüşüb, bunun İslam dininə və milli - mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb və iftar süfrəsi verilib.