“İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına iyulun 12-də Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icmasında “Dini ekstremizmin qarşısının alınmasında İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli, Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli, QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Safıkürd və Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev İslamın sülh və qardaşlıq dini olmasından, ölkə rəhbərinin islami dəyərlərə verdiyi önəm və bu münasibətlə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli çıxışında ölkəmizdə islami dəyərlərə verilən yüksək qiymətdən söhbət açıb. Bildirib ki, dinimiz terrorizmə həmişə “yox” deyir. O vurğulayıb ki, bu gün müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə qarşı təhlükədir.
Goranboy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov çıxışlarında İslamın sülh, mədəniyyətlərarası dialoq və qardaşlıq prinsiplərindən danışıblar.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı ədəbiyyatlar paylanılıb.

.jpg)
.jpg)
.jpg)