Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2017 / İslam Həmrəyliyi İli

“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda tədbir keçirilib

İyulun 12-də Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” adlı layihə çərçivəsində “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Emin Həmidli, icma sədri Abuzər Xankişiyev, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov İslam dininin insanları sülhə, həmrəyliyə və humanizmə dəvət etdiyini bildirib. V.Şahbazov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi azərbaycançılıq konsepsiyasına uyğun olaraq dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şəraitin yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Xanım Zəhra” məscidinin dini ayinlərinin icraçısı Cəmil Bədəlov çıxışında İslam dininin sülh, tolerantlıq, xeyirxahlıq və mərhəmət dini olduğunu, bəşəriyyəti həmrəyliyə çağırdığını qeyd edib.
İcma sədri Abuzər Xankişiyev, kənd ağsaqqalı Qubad Abdullayev çıxışlarında həyata keçirilən layihənin mühüm əhəmiyyəti olduğunu, ölkəmizin İslam həmrəyliyinin təmin olunması üçün  mühüm xidmətlər göstərdiyini bildiriblər. Natiqlər çıxışlarında, eləcə də  Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol,  xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayıblar.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.