Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.05.2017 / İslam Həmrəyliyi İli

Gənclərin tərbiyəsində İslam həmrəyliyinin rolu müzakirə edilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhəri 13 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin tərbiyəsində İslam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, məktəbin direktoru Tünzalə Seyidova, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov,  eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Mingəçevir şəhəri 13 saylı tam orta məktəbin direktoru Tünzalə Seyidova  bu cür dini maarifləndirmə tədbirlərinin gənclər arasında milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır və dövlət başçısının İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
“Gənclərin tərbiyəsində İslam həmrəyliyinin rolu” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, Azərbaycan gəncinin Vətəninə, xalqına, milli-mənəvi və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu”, “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda çıxış ediblər.     
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib.