Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2017 / İslam Həmrəyliyi İli

“Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına avqustun 8-də Samux rayon Samux şəhər müsəlmanları dini icması tərəfindən “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir” adlı layihə çərçivəsində “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev İslamın sülh və qardaşlıq dini olmasından, dövlət başçısının islami dəyərlərə verdiyi önəm və bu münasibətlə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən, Azərbaycanın dünyada multikultural, tolerantlıq və birgəyaşayış dəyərlərini yaşadan ölkə olmasından danışıb.
Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov çıxışında bildirib ki, xalqımız milli-mənəvi və islami dəyərlərə böyük önəm verir. O qeyd edib ki, İslam dini terrorizmə “yox” deyir və bugün müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslama qarşı təhlükədir.
Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev çıxışında İslamın sülh, mədəniyyətlərarası dialoq və qardaşlıq prinsiplərindən danışıb.
Sonda iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini təyinatlı ədəbiyyatlar paylanılıb.