Digah qəsəbəsində “İslam həmrəyliyi və dini radikalizm təhlükəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Digah qəsəbə məscidi dini icması tərəfindən “Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi və dini radikalizm təhlükəsi” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, Digah qəsəbə məscidi dini icmasının sədri və axundu Rza Salmanov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rza Salmanov tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bir çox ayəsini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə dəvət etdiyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov layihənin mövzusu ilə bağlı ətraflı məlumat verib. O,Yaxın Şərq regionunda baş verən prosesləri qısa xarakterizə edərək bildirib ki, dünyanın müxtəlif ölkələrində baş verən siyasi-hərbi qarşıdurmalar fonunda İslam ölkələrinin birliyi labüddür. Məhz bu həmrəylik və vəhdət sayəsində müsəlman xalqlarını dini radikalizm və ekstremizm kimi təhdidlərdən qorumaq mümkündür.
Sonda mövzu ətrafında tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, maarifləndirici tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.