Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2017 / İslam Həmrəyliyi İli

"Azəriqaz" İstehsalat Birliyində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

İyunun 2-də “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Azəriqaz İstehsalat Birliyində baş tutan tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, direktorun Ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov və birliyin əməkdaşları iştirak ediblər.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Filmin nümayişindən sonra çıxış edən “Azəriqaz” İB-nin Baş direktorunun Ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğını vurğulayaraq dini tolerantlığın qorunmasının əhəmiyyətindən danışıb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov radikalizm və ekstremizmin sırf dini, dini-etnik və dini-siyasi formalarda təzahür etdiyini vurğulayıb. Dini zəmində baş verən münaqişələrin mahiyyəti, yaranma səbəbləri barədə danışan Səyavuş Heydərov onun bəzi müsəlman ölkələrinin inkişafına ciddi maneə yaratdığını bildirib. Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunan sədr müavini bu sahədə Komitə tərəfindən aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, koordinasiya işinin təkmilləşdirilməsi, xüsusilə radikalizmə qarşı mübarizənin effektivliyinin artırılması üçün təsdiq edilmiş Tədbirlər Planı əsasında zəruri işlər həyata keçirildiyini qeyd edib.