Gürcüstanla Azərbaycan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tbilisidə səfərdə olan nümayəndə heyəti Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında din sahəsində mövcud əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, habelə gələcək birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. İki ölkə arasında tarixən formalaşmış dostluq və mehriban qonşuluq əlaqələrinin dini sahədə də uğurla davam etdirildiyi vurğulanıb.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze hər iki ölkədəki dini icmaların fəaliyyəti, dini tolerantlıq və multikultural dəyərlərin təşviqi ilə bağlı danışıb. Bu cür səfərlərin Gürcüstanla Azərbaycan arasında dini sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev iki ölkə arasında münasibətlərin ruhuna uyğun olaraq, dini sahədə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan birgə təşəbbüs və layihələrin müzakirə edilməsinin zəruruliyini diqqətə çatdırıb. Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, bütün dini icmalara zəruri hüquqi və institusional şərait yaradıldığını vurğulayıb. S.Nağıyev dövlətin dini icmalara göstərdiyi davamlı diqqətdən danışaraq məscidlərin, kilsələrin, sinaqoqların bərpası və qorunmasının bu siyasətin təzahürü olduğunu vurğulayıb. Azərbaycanın multikulturalizm və dini tolerantlıq sahəsində nümunəvi model kimi tanındığını bildirib. Sədr müavini həmçinin, Dini Qurumlarla iş üzrə dövlət Komitəsi ilə Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyi arasında imzalanmış anlaşma memarandumuna uyğun fəaliyyətin təşkilinin əhəmiyyətinə toxunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev də iştirak ediblər.




